|
| | |
| Главная » 2010 » Fevral » 21 » HACI ŞAHİN HAKİMİYYƏT FƏLSƏFƏSİ (II YAZI)
01:25 HACI ŞAHİN HAKİMİYYƏT FƏLSƏFƏSİ (II YAZI) |
HAKİMİYYƏT FƏLSƏFƏSİ (II YAZI)
İslamın siyasi nəzəriyyəsinin başlıca prinsipləri əsas dini mənbələrdə - Quran və Peyğəmbər sünnətində axtarılmalıdır
Mövzumuz İslam və Qərb dünyagörüşlərinin hakimiyyət fəlsəfəsinə yanaşması ilə bağlı olduğundan, Qərbdə ən kamil hakimiyyət quruluşu hesab edilən demokratiyanı dini yöndən incələməyə çalışacağıq. "İslam və demokratiya” son dövrlərdə gündəmdə olan ən aktual mövzulardan biridir. Mövzuya ən müxtəlif aspektlərdən yanaşan alim və tədqiqatçılar onunla bağlı son dərəcədə fərqli, bir çox hallarda bir-biri ilə ziddiyyət təşkil edən fikirlər söyləyiblər.
Bəzilərinin fikrincə, demokratiyanın təməl prinsipləri, onu doğuran fəlsəfi əsaslar Qərb təfəkkürü, Qərb mədəniyyəti ilə bağlı olduğundan İslam və demokratiya barədə danışmaq ümumiyyətlə yersizdir. Onlar hesab edirlər ki, din və demokratiya bir-biri ilə zidd iki kateqoriyadır və onların hər hansı şəkildə uzlaşması mümkün deyil.
Digər qrupa daxil olan təhlilçilərə görə isə, din və demokratiya bir-biri ilə zidd məfhumlar deyil. Bu fikrin tərəfdarları hesab edirlər ki, dinin demokratik dəyərləri qəbul etməsi üçün onun ciddi islahatlara ehtiyacı var. İslam dini bəzi mürtəce ehkamlardan azad olarsa, Qərb dəyərləri müsəlman dünyası tərəfindən qəbul edilə bilər.
Əsasən İslam alimlərindən ibarət olan üçüncü qrup təhlilçilər isə yuxarıda qeyd edilən fikirlərin heç biri ilə razılaşmırlar. Onların fikirincə ümumiyyətlə, İslam dəyərlərinin Qərb dəyərlərinə uyğunlaşmasına qətiyyən ehtiyac yoxdur. Müsəlmanların dini prinsiplərdən imtina edib, kimlərəsə xoş gəlsin deyə, özlərini Qərb dəyərlərinə uyğunlaşdırması faktiki olaraq onların öz dinindən imtina etməsi kimi başa düşülməlidir. M.A.Müqtədarın "Qlobal” siyasətdə konstruktiv eynilik” məqaləsində göstərdiyi kimi: "Müsəlmanlara göstərilən xarici təsirlər elə güclüdür ki, onların özünüdərketmə kontekstinin özünü dəyişir; müsəlmanlar xarici amillərin təsiri altında özlərinin və dini dəyərlərinin yenidən qiymətləndirilməsi problemi ilə üzləşiblər. Hazırda müsəlmanlar öz dəyər və ideologiyalarını təbliğ etməkdən daha çox, İslama qarşı yönələn müxtəlif hücumlara cavab verməklə məşğuldurlar. Getdikcə daha cox sayda ziyalı müsəlman öz qüvvəsini mənfi rəyli insanlara İslamın əsl mahiyyətini başa salmaq üçün kitablar yazılmasına, filmlər çəkilməsinə sərf etməyə məcbur olur. Müsəlmanlar öz dini dəyərlərini "İslam və insan haqları”, "İslam və demokratiya”, "İslam və plüralizm”, "İslam və qadın hüququ” kimi kateqoriyalara bölməyə çalışırlar. Bununla da onların Qərb dünyası qarşısında öz məğlubiyyətlərini etiraf etmələri, nə qədər kədərli olsa da, bir faktdır”.
Müsəlman alimlər İslam və ümmətin ən vacib problemlərini başa düşmək, sonra isə aydın və dəqiq şəkildə İslamın inkişaf strategiyasını müəyyənləşdirmək əvəzinə, İslam və müasirlik haqda Qərb ilə səmərəsiz dialoqa cəlb olunublar. Bu isə İslama heç bir xeyir gətirmir, əksinə, yalnız Qərbin maraqlarına xidmət edir. Müsəlmanlar İslamı Qərbin tənqidlərindən qoruduğu zaman da ona izləməli olduqları bir ideal kimi baxaraq, onu legitimləşdirirlər. Bu yolla məzhəkəçi və antiislam imicinin yaradılması Qərb dünyasına imkan verir ki, müsəlman və Qərb alimləri arasındakı diskussiyaların inkişaf istiqamətlərini müəyyənləşdirsin və onların gedişinə nəzarət etsin. Nəticədə, İslam uğrunda bu cür "standartlar” ardınca qaçmaq müsəlmanların düşüncəsində natamamlıq kompleksi yaradır, onların daxili təsəvvürləri ilə Qərbdə yaradılan İslam surəti arasında uğursuzluq əmələ gətirir.
Qərblilərin İslama tutduqları əsas iradlardan biri "İslam və demokratiya bir yerə sığmaz” fikridir. Onlar İslam sivilizasiyasını müsəlman cəmiyyətinin inkişafına və demoktatikləşməsinə mane olan əsas amil kimi təqdim edirlər. Bu kimi fikirlərin təsirinə məruz qalan bir çox müsəlman ziyalılar da müsəlman cəmiyyətlərində İslamın rolunun məhdudlaşdırılmasına çağırıb, Qərb dəyərlərinin mənimsənilməsinə təkid edirlər.
Düşünürük ki, müsəlman alimlər müdafiə mövqeyində dayanıb, dini dəyərləri süni şəkildə Qərb dəyərlərinə uyğunlaşdırmaq əvəzinə, ümmət üçün İslam mənbələrinə əsaslanan inkişaf konsepsiyasının işlənib hazırlanması ilə məşğul olmalıdırlar. İslami inkişaf konsepsiyası alternativsiz bir yol kimi müsəlmanlara təqdim edilsə, onlar mənasız yol axtarışlarına çıxmaz, gələcək inkişaflarını İslama bağlı bilərlər.
İslamın siyasi nəzəriyyəsinin başlıca prinsipləri əsas dini mənbələrdə - Quran və Peyğəmbər sünnətində axtarılmalıdır.
Məlum olduğu kimi, Məkkə əhalisinin kəskin müxalifəti nəticəsində həzrət Məhəmməd (s) Mədinəyə hicrət etməyə məcbur olaraq, orada ilk İslam hökumətini təşkil etdi. Bununla da Peyğəmbər hökumətin təşkili, siyasi hakimiyyətin formalaşdırılması kimi işlərin peyğəmbərlik missiyasının tərkib hissəsi olduğunu qabarıq şəkildə göstərdi. Peyğəmbər şəxsən özü bu hakimiyyətin başında duraraq, mənəvi və siyasi rəhbərliyin bir-birindən ayrılmaz olduğunu önə çəkdi. (Müasir dünyanın əsas problemi bundadır ki, mənəvi hakimiyyəti isa məsihlərə, siyasi hakimiyyəti isə qeysərlərə tapşırıb).
İlahi elm və məsumluq məziyyətlərinə malik olmasına baxmayaraq, Peyğəmbər idarəçilik prosesi ilə bağlı bir çox işlərdə ümumi razılıq və məşvərət prinsiplərinə əsaslanırdı. Bu prinsip Qurani-Kərimin "Ali-İmran” surəsinin 159-cu ayəsində təsbit olunub: "İşlərdə onlarla məşvərət et. İşi görməyə qərar verdikdə isə Allaha təvəkkül et, çünki Allah təvəkkül edənləri sevir”. Burada Peyğəmbərə müraciət olunmasına baxmayaraq, ayə ümumiyyətlə İslam ümmətinə rəhbərlik edəcək şəxslərə məşvərətin zəruri bir prinsip olduğunu xatırladır. Allahın elçisi olduğundan, təbii ki, Peyğəmbər hər bir məsələdə ilahi vəhyə əsaslanaraq hərəkət edirdi. Amma Peyğəmbər öz səhabələrinə şəxsiyyət verdiyindən onlarla məsləhətləşməyi özünə borc bilir, bununla da çalışır ki, tabeçiliyində olanlar özlərini rəhbərin hökmünə tabe olan iradəsiz alət kimi hiss etməsinlər. İslam ümmətinin rəhbəri olaraq, mühüm işlərdə səhabələri ilə məsləhətləşməklə, peyğəmbərimiz gələcəkdə bu ümmətə rəhbər olacaq şəxslərə dərs verir, onlara anladır ki, öz qərarlarını başqalarına zorla qəbul etdirməyə haqları yoxdur. "Şura” surəsinin 38-ci ayəsi mövzunu genişləndirərək bütün İslam rəhbərlərinə aid olduğunu vurğulayır, axirət nemətlərinin kimlərə nəsib olacağı barədə danışarkən, buyurur: "...Və Rəbbinin çağırışına cavab verənlərə, namaz qılanlara, işlərini məşvərətlə görənlərə, verdiyimiz ruzilərdən infaq edənlərə...” Peyğəmbərimizin "ümmətimin ixtilafı rəhmətdir” kəlamı da fərqli fikirə dözümlü münasibət göstərməyə dəvət kimi başa düşülməlidir.
"İşlərdə onlarla məşvərət et. İşi görməyə qərar verdikdə isə Allaha təvəkkül et, çünki Allah təvəkkül edənləri sevir”
(Ali-İmran, 159)
İslam tarixindən məlum olduğu kimi, Peyğəmbər (ə) Mədinə əhalisinin böyük əksəriyyətinin razılığı ilə öz üsuli-idarəsinə başlamazdan öncə hökumdarlarla şəhər əhalisi, o cümlədən milli və və dini azlıqlar arasında öhdəliklər haqqında ictimai saziş imzaladı. Həmin "Mədinə müqaviləsi”, düz min il sonra Lokk və Russonun təsvir etdiyi kimi, elmi abstraksiya yox, gerçək fəaliyyət göstərən "ictimai müqavilə” idi. 47 bənddən ibarət bu sənədi bir çoxları dünya tarixində ilk konstitusiya kimi qəbul edirlər. Müqavilənin 47 bəndinin 23-ü müsəlmanların bir-biri ilə münasibətlərini, qarşılıqlı hüquq və vəzifələrini tənzimləyirdi. Burada xüsusi olaraq vurğulanırdı ki, İslam ümməti dil, soy bağlılıqları, coğrafi amillər əsasında deyil, əqidə birliyi əsasında formalaşır.
Müqavilənin qalan 24 bəndi müsəlmanların qeyri-müsəlmanlarla münasibətini ehtiva edirdi. Məlum olduğu kimi, o dövrdə Mədinə ətrafında çox sayda yəhudi tayfaları yaşayırdı. Müqavilədə qeyd olunurdu ki, onlar da İslam ümmətinin bir hissəsi hesab edilirlər, bu səbəbdən Yəsribə (Mədinə) qarşı hər hansı bir xarici təhlükə olarsa, müsəlmanlar və yəhudilər birlikdə düşmənə qarşı mübarizə aparmalı və öz vətənlərini qorumalıdırlar. Müqavilənin bəndlərinin birində yazılmışdı: "Bu iki dəstə (müsəlmanlar və yəhudilər) arasında dostluq və səmimiyyətə əsaslanan münasibətlər qurulmalıdır. Bu münasibətlər qorxu və xəyanətdən uzaq olmalıdır”.
Göründüyü kimi, İslam Peyğəmbəri Mədinə şəhərində federasiya tipli siyasi quruluşa malik kiçik bir dövlət təşkil etmişdi. Bu dövlət daxilində yaşayan dini azlıqlar öz ayinlərini sərbəst şəkildə icra etmək, müsəlmanlarla dinc şəraitdə yaşamaq, ümumi məsələlərə dair fikir bildirmək, öz mədəniyyətlərini qorumaq və s. hüquqlara malik idilər. Bundan əlavə, Mədinə dövlətində qanunun aliliyi prinsipinə ciddi şəkildə riayət olunurdu. İslam tarixində qeyd olunduğu kimi, müsəlmanla yəhudi arasında qəzavət edən Peyğəmbər yəhudinin xeyrinə qərar çıxarır. Səhabələrdən bəzisi etiraz etdikdə peyğəmbərimiz buyurur: "Allahın qanunu icra olunmalıdır, qanun qarşısında hamı bərabərdir”.
Göründüyü kimi, orta əsrlərdə İslam Peyğəmbəri demokratik dəyərlərə əsaslanan əsl vətəndaş cəmiyyəti formalaşdırmağa müvəffəq olmuşdu. Bu cəmiyyətin rəhbərinin Allah tərəfindən seçilməsinə, peyğəmbər və ya imam olmasına baxmayaraq, onlar ümumi beyət əsasında insanlara rəhbərlik edirdilər. İslam tarixində yazıldığı kimi, üçüncü xəlifə Osman vəfat etdikdən sonra peyğəmbərin əmisi Abbasın başçılıq etdiyi bir qrup insan həzrət Əlinin (ə) evinə toplaşaraq ondan xəlifəliyi qəbul etməyi xahiş edib, ona beyət etməyə hazır olduqlarını bildirirlər. Onların cavabında Əli (ə) deyir: "Mən gizli və xüsusi beyəti qəbul etmirəm. İnsanlar mənim rəhbərliyimi qəbul edirlərsə, Məscidünnəbidə (peyğəmbər məscidi) ümumi şəkildə mənə beyət etsinlər. Yalnız müsəlmanların ümumi beyətindən sonra mən xilafəti qəbul edə bilərəm”. Sonra məsciddə ümumi beyət mərasimi təşkil olunur və müsəlmanlar maneəsiz şəkildə İmam Əlini (ə) xəlifəliyə seçirlər.
İslam dininin iki əsas mənbəyi olan Quran və sünnətə əsaslanan İslam siyasi nəzəriyyəsi baxımından xalqın hakimiyyətin formalaşmasındakı, ümumi idarəçilik prosesindəki roluna qısa şəkildə işarə etdik. Görünən budur ki, demokratiya heç də, Frensis Fukuyamanın iddia etdiyi kimi, humanizm və sekulyarizmə əsaslanan Qərb liberalizminin məhsulu deyil. Bəşəriyyət bu gün heç də Qərb demokratiyası və Şərq despotizmi arasında seçim etməyə məhkum deyil. İslam dini bu gün dünyaya üçüncü yol təklif edir. İslam dünyaya bütün insanlar üçün ortaq olan mənəvi dəyərlər çərçivəsində seçim etməyi nəzərdə tutan kamil bir demokratik konsepsiya təqdim edir. Bu konsepsiyaya əsasən, müsəlman cəmiyyətinin hər bir üzvü, rəhbərdən tutmuş sıravi vətəndaşa qədər ilahi hökumlərə əsaslanan ictimai qanunlara əməl etməli, hec bir vəchlə ilahi hədləri aşmamalıdır. İslam siyasi nəzəriyyəsində "hakimiyyətin mənbəyi xalqdır” prinsipi qəbul edilir, sadəcə olaraq, bu prinsip ilahi hədəflərə uyğunlaşdırılır. Ötən yazıda qeyd etdiyimiz kimi, İslam baxımından hakimiyyətin əsas funksiyası xalqa istədiyi kimi yaşamağa şərait yaratmaqdan deyil, xalqın istəklərini ali ilahi hədəflərə uyğunlaşdırmaq və bu hədəflərə çatmaqda ona yardımçı olmaqdan ibarətdir.
Müsəlman dünyasının Qərb demokratiyasından imtina etməsi heç də onun istibdada əsaslanan dövlət quruluşunu dəstəkləməsi kimi başa düşülməməlidir. Çünki İslam cəmiyyətində xalqın rəhbər və məmurlara nəzarət etməsi, onların isə xalqa xidmət etməsi dini vəzifə sayılır. Təbii ki, mənəvi dəyərlərin hakim olduğu bir cəmiyyətdə istibdad rejiminin bərqərar olması qeyrimümkündür. Peyğəmbərin buyurduğuna əsasən, "zalım və zülmə tabe olan qiyamət günü eyni taleyi yaşayacaq”. Bu sözlərin mənasını anlayan insanlardan təşkil olunan cəmiyyətdə kiminsə zor deməsi, insanlara zülm eməsi mümkün deyil. İslam əqidəsinə əsasən, zülmə qarşı mübarizə imanın şərtlərindən biridir. Peyğəmbərimizin bu kəlamı dediyimizə sübutdur: "Kim şərlə üz-üzə gəlsə ona qarşı vuruşsun, gücü çatmasa, qoy şərə qarşı fikrini açıq söyləsin, ona da gücü çatmırsa, onda bu şərə öz qəlbində etiraz etsin. Amma bu, iman gətirməyin ən zəif təzahürü olacaq”. Əgər biz bu gün müsəlman aləmində despotizmi, özbaşınalığı, hüquqların pozulmasını müşahidə ediriksə, bunu heç də dinin nöqsanı kimi qəbul etməməliyik. Təbii ki, bütün bunların İslamın qaynaqları ilə heç bir əlaqəsi yoxdur.
Göründüyü kimi, İslam dinində demokratiyaya xüsusi bir baxış mövcuddur. Bu baxış Qərb təfəkkür tərzindən yox, İslam mənbələrindən qaynaqlanır, Qərbin yox, İslam mədəniyyətinin məhsuludur. İslam demokratiyası Qərb demokratiyasından köklü şəkildə fərqlənir və bir sıra cəhətlərdən ondan daha kamil, daha mütərəqqidir. Bunu anlayan Qərb dünyası İslam və demokratiyanın uyuşmazlığı ideyasını ortaya atmaqla müsəlmanların fikrini islami dəyərlərdən yayındırır. Bu saxta ideya Qərbin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda, müsəlman ölkələrin hakim dairələri üçün Qərbin yaratdığı islam surətindən istifadə etməklə həmin ölkələrdə avtoritarizmi, diktaturanı gücləndirmək üçün ən təsirli vasitəyə çevrilib. Bu dairələr çox zaman öz ölkələrində İslam ardıcıllarına qarşı repressiya mexanizmi yaratmaq üçün xarici yardımlardan da istifadə edirlər. Belə bir şəraitdə müsəlman ziyalılar cəlb olunduqları bu mənasız dialoqa son qoyub, islami dəyərləri olduğu kimi tanıyıbtanıtdırmaq məsuliyyətini anlamalıdırlar.
Hacı Şahin Həsənli Salaminfo.az
|
Категория: Xəbərlər |
Просмотров: 612 |
Добавил: Maxer
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
| |
| | |
|
|